Sosial mediada hədəf kütlə

06.05.2019

Sosial media sahibkarlara öz məhsullarını daha yaxşı tanıtmaq və hədəf kütləsi ilə ünsiyyəti qorumağa imkan yaradır. Bu həqiqətən də ünsiyyət qurmağa çalışdığınız insanları tapmaq üçün əla vasitədir. Bu məqaləmizdə onlayn kanallar vasitəsilə potensial hədəf kütlənizə çatmağa kömək edəcək 5 metod ilə tanış olacayıq.


#1 İstifadə etdiyiniz platformanın mühitini anlamağa çalışın
Kontent yaratmazdan öncə hansı platformalardan istifadə etdiyinizi və onların sizə olan faydasını bilməyiniz vacibdir. Facebook platformasının sosial şəbəkələr arasında üstünlüyünə baxmayaraq gənc nəsil üçün burada olan hədəfləmə metodu gözlənilən nəticəni verməyəcəkdir. Son zamanlarda YouTube və Instagram kimi vizual və video əsaslı platformalar mətn əsaslı platformaları üstələyir. Bu səbəbdən qeyd olunan şəbəkələr vasitəsilə uğurlu sosial media reklamları daha ön plana çıxaraq öz potensial müştərilərini effektiv şəkildə cəlb edir. Günümüzdə müxtəlif sosial şəbəkələr vardır və onların əks etdirdiyi mühiti anlamaq hər bir rəqəmsal marketinq mütəxəssisinin başlıca vəzifəsidir. Çünki tətbiq olunan strategiyanın eyniliyi hər bir platforma üçün fərqli nəticələr verəcəkdir və burada kimi hədəf kütləsi olaraq istifadə edəcəyinizi bilmirsinizsə, kontent yaratmaq lazımsız informasiya və vaxt itkisinə çevriləcəkdir. 


#2 Hədəf kütlənizi bilin
Demoqrafik olaraq hədəf kütləni müəyyən etmək üçün ilk öncə özünüzə “məhsulumdan istifadə etməklə insanların beynində hansı mənzərəni yaratmış oluram?” sualını verin. Bundan sonra artıq sizin məhsulunuza qarşı marağı olan insanlar haqqında müəyyən bir fikir sahibi olacaqsınız. Daha sonra isə həmin insanları hədəfləmək və müştərinizə çevirmək başlıca məqsədiniz olmalıdır. 
Hədəf kütləsini müəyyən edən zaman ilk növbədə yanaşmanızı ümumi olaraq qiymətləndirin. Daha sonra bu ümumi kütlənin içinə daxil olan müştərilərinizin maraq dairələrini kəşf edərək daha spesifik olmağa çalışın. Hədəf aydın olduqdan  sonra müştərilərinizin hansı platformalardan istifadə etdiyini və onlara hansı növ reklam və marketinq strategiyası tətbiq edəcəyinizi müəyyən edə bilərsiniz.

 

#3 Bazarda mövcud olan rəqabəti izləyin
Tətbiq olunan marketinq strategiyasının effektivliyini ölçməyin ən asan yollarından biri rəqabət mühitində olan nəticələri müqayisə etməkdir. Rəqiblərinizin tətbiq etdiyi strategiyaları və müştərilərin buna necə reaksiya göstərdiyini anlamağa çalışın. Bunu etməklə siz potensial alıcı kütləniz və onlarla necə əlaqəyə keçmək lazım olduğu haqqında informasiyaya sahib olursunuz. Həmçinin bazarda mövcud olan alıcı kütləsinin hansı növ aktivliklərə cəld reaksiya verdiyini və maraq dairəsini rəqiblərinizin təcrübəsindən istifadə edərək anlaya bilərsiniz. 

 

#4 Yaratdığınız kontenti mövzuya uyğunlaşdırın
Sosial media vasitəsilə hədəf kütlənizi müəyyən etməyin digər bir yolu isə “Field of Dream” filmindəki ifadədən keçir – “If you build it, he will come.”  Bunu yazımıza tətbiq etsək – Əgər kontent yaratsanız, müştəri gələcək. Bununla yanaşı, müştərilərinizi cəlb etmək üçün onların maraq dairəsinə uyğun kontent hazırlamalısınız. Yaratdığınız bu kontent istifadə etdiyiniz platforma ilə uyğunluq təşkil etməlidir. Məsələn, Instagramda çox uğurlu nəticə göstərən bir video Twitterdə işə yaramaya bilər. İstifadə etdiyiniz hər bir sosial şəbəkədə əsaslı marka yaratdığınızdan əmin olmalısınız.

 

#5 “Influencer Marketing” tətbiq edin
Hədəf kütlənizdən asılı olaraq sosial mediada fenomenə çevrilmiş şəxslər ilə razılaşıb öz markanıza influencer marketinq strategiyası tətbiq edə bilərsiniz. "Influencer Marketing" müxtəlif markaların məhsullarını tanıtmaq üçün tanınmış insanlardan istifadə etmə metodudur. Bu şəxslər öz hesablarının necə idarə edilməsi ilə yanaşı, sizin markanıza da fərqli yanaşma tətbiq edə bilərlər. 


Nəticə olaraq onu qeyd etmək lazımdır ki, hər şey sizin hədəf kütlənizdən və ya kimi hədəfə almaq istədiyinizdən asılıdır - əgər onları tanıyırsınızsa, deməli istəyinizə çatacaqsınız.